MƏDƏNİYYƏT
Misir Mədəniyyət Nazirliyi karantin rejimində maraqlı kampaniyaya start verib
Qahirə, 3 aprel, AZƏRTAC
Misir Mədəniyyət Nazirliyi bu ölkənin Ali Mədəniyyət Şurası ilə birlikdə koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi günlərində "Bizimlə kitab oxu" adlı onlayn kampaniyaya start verib.
AZƏRTAC nazirliyin rəsmi saytına istinadla xəbər verir ki, kampaniya çərçivəsində Yaxın Şərq və Şimali Afrika ölkələrinin ən tanınmış şair və yazıçıları, həmçinin Avropa şərqşünasları canlı virtual yayımda öz kitablarından parçalar oxuyur, oxucuların suallarını cavablandırırlar.
Hər bir oxucu Misir Mədəniyyət Nazirliyinin rəsmi saytında, habelə sosial şəbəkələrdəki səhifələrində axşam saat 8-dən etibarən bu kampaniyaya qoşula bilər. Ədiblərdən misirli Həsən Əmir, iordaniyalı Şəhla əl-Əjili, livalı Şəfqi Bəzi, mərakeşli Rəbiyə Reyhan və digərləri on gün müddətinə oxucularla canlı təmasda olacaqlar. Kampaniyanın ilk axşamında isə İtaliya şərqşünası Elena Biagi görkəmli ərəb şairi Nizar Qəbbaninin şeirlərini səsləndirib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə