Misir Nümayəndələr Palatasına seçkilərin vaxtı müəyyənləşib
AzerTAg.az
Qahirə, 11 sentyabr, AZƏRTAC
Misirdə Nümayəndələr Palatasına seçkilər oktyabrın 24-25-də keçiriləcək. Xarici ölkələrdə yaşayan Misir vətəndaşları isə həmin ayın 21-23-də səs verəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Milli Seçki Komissiyasının (MSK) sədri Ləşin İbrahim keçirdiyi mətbuat konfransında bildirib.
Komissiyanın sədri qeyd edib ki, seçkilərin ilkin nəticələri noyabrın 1-də elan ediləcək. Boş qalan yerlərə təkrar seçkilər isə noyabrın 23-24-də keçiriləcək. L.İbrahim ölkə vətəndaşlarını səsvermədə fəal iştirak etməyə çağırıb.
MSK-nin sədri bildirib ki, avqustun 19-da parlamentin yuxarı palatasına – Senata keçirilmiş seçkilərin nəticələri elan edilib. Onun sözlərinə görə, səsvermədə 8 milyon 959 seçici iştirak edib və seçici fəallığı 14,23 faiz olub.
Misir parlamentinə seçkilərdə 11 siyasi partiya iştirak edəcək. COVID-19 pandemiyası şəraitində keçiriləcək səsvermə zamanı məntəqələrin dezinfeksiyası, seçicilərin sosial məsafəyə riayət etməsi və qoruyucu maskalardan istifadəyə xüsusi diqqət yetiriləcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xəbərin mətnində orfoqrafik səhv var