DÜNYA


Misir Prezidenti Rusiya Xarici Kəşfiyyat Xidmətinin başçısı ilə görüşüb

Qahirə, 13 fevral, AZƏRTAC

Misir Prezidenti Əbdülfəttah əs-Sisi fevralın 13-də Qahirədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini qəbul edib. Bu barədə Misir Prezidenti Dəftərxanasının rəsmi nümayəndəsi Bəssam Radi məlumat verib.

AZƏRTAC xəbər verir ki, Misir Prezidenti iki ölkə arasında münasibətləri yüksək qiymətləndirib. O, Misirin Rusiya ilə qarşılıqlı münasibətləri bütün istiqamətlərdə daha da möhkəmləndirməyə tərəfdar olduğunu bildirib.

S.Narışkin regionda sülhün və sabitliyin bərqərar edilməsi prosesinin ən mühüm iştirakçılarından biri kimi Misirin rolunu qeyd edərək, xüsusilə terrorizmin regiona və bütün dünyaya təhlükə olduğu bir vaxtda iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

B.Radinin sözlərinə görə, tərəflər terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər. Prezident Əbdülfəttah əs-Sisi xüsusi vurğulayıb ki, terrorizmi tamamilə aradan qaldırmaq üçün beynəlxalq birliyin səylərini birləşdirmək, bu zaman ayrı-ayrı terrorçu qruplaşmalar arasında fərq qoymamaq lazımdır.

Görüşdə Yaxın Şərq böhranının ayrı-ayrı dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün saxlanılması şərti ilə nizamlanması yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.