DÜNYA
Misir Senatına seçkilər üzrə xarici ölkələrdə səsvermə keçirilir
Qahirə,10 avqust, AZƏRTAC
Misirdə ilk dəfə yaradılan parlamentin yuxarı palatası – Senata seçkilər üzrə xarici ölkələrdə yaşayan misirlilər üçün səsvermə keçirilir.
AZƏRTAC Misir Milli Seçki Komissiyasına istinadla xəbər verir ki, Liviya, Suriya, Yəmən və Somali istisna olmaqla qalan 120 ölkədə, o cümlədən Azərbaycanda müvəqqəti yaşayan Misir vətəndaşları səfirliklərdə keçirilən səsvermədə iştirak edirlər.
Komissiyanın məlumatında bildirilir ki, avqustun 11-də Misirdə 14 min seçki məntəqəsində səsvermə başlayacaq. Təqribən 18 min müşahidəçinin izləyəcəyi seçkilərdə səsvermə hüququ olan 63 milyon insan iştirak edəcək.
Qeyd edək ki, Misirin 196 illik tarixində Senat bir neçə dəfə fəaliyyət göstərib və sonradan ləğv edilib. 2019-cu ildə ölkə Konstitusiyasına edilən dəyişiklikdən sonra Senata seçkilərin keçirilməsinə qərar verilib. Parlamentin aşağı palatasında qəbul edilən və Misir Prezidenti tərəfindən imzalanan qanuna görə, Senat 300 üzvdən ibarət olacaq. Senatorların üçdəbiri açıq seçkilər, daha 30 faizi majoritar qayda ilə seçiləcək, qalanı isə dövlət başçısı tərəfindən təyin ediləcək. Senatdakı yerlər uğrunda 27 dairədə 787 namizəd mübarizə aparacaq.
Milli Seçki Komissiyası COVID-19 pandemiyası ilə əlaqədar səsverməni Səhiyyə Nazirliyinin köməyi ilə keçirəcək. Seçki məntəqələrində dezinfeksiya işləri aparılıb. Seçicilərin qoruyucu maskalardan istifadə etməsinə və sosial məsafə qaydalarına xüsusi nəzarət olunacaq.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə