DÜNYA
Misir Yeni Zelandiyada törədilən terror hücumlarını kəskin şəkildə pisləyib
Qahirə, 15 mart, AZƏRTAC
Misir Yeni Zelandiyanın Kraystçörç şəhərində yerləşən iki məsciddə müsəlmanlara qarşı törədilən, çoxlu günahsız insanın ölümü və yaralanması ilə nəticələnən terror hücumlarını kəskin şəkildə pisləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Misir XİN-in bəyanatında deyilir. Sənəddə, həmçinin həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verilir, yaralıların tezliklə sağalması arzu edilir. Qeyd olunur ki, bu mənfur terror aktı humanizm prinsiplərinə ziddir, dinlə heç bir əlaqəsi olmayan terrorizmlə mübarizədə, zorakılıq və ekstremizmin bütün növlərinə qarşı müqavimət göstərilməsində beynəlxalq səylərin davam etdirilməsinin və fəallaşdırılmasının zəruriliyi barədə növbəti xəbərdarlıqdır.
Bəyanatda göstərilir ki, Xarici İşlər Nazirliyi Misirin bu ölkədəki səfirliyi vasitəsilə hadisələrin gedişatını izləyir, həmçinin Yeni Zelandiyanın müvafiq hakimiyyət orqanları ilə əlaqə saxlayır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə