ELM VƏ TƏHSİL


Misir elmi tədqiqatlar üzrə Afrikada lider ölkə olmaq niyyətindədir - Dünyanın elm təcrübəsindən

Qahirə, 20 fevral, AZƏRTAC

Dünya təcrübəsi göstərir ki, ölkə həyatının bütün sahələrində davamlı inkişafa yalnız elmə əsaslanmaqla nail olmaq mümkündür. Bu reallığı Afrikanın qapısı sayılan Misirin timsalında da aydın görmək olar:

AZƏRTAC-ın xüsusi müxbiri Misir Ərəb Respublikasında elmin yeni inkişaf strategiyası, elmi tədqiqatların təşkili və bunun ölkə həyatının ayrı-ayrı sahələrinə təsiri ilə bağlı bəzi araşdırmalar aparıb. Onun qeydlərini təqdim edirik.

Misir Ərəb Respublikasında elmi tədqiqatlar və innovasiya məsələləri Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyi tərəfindən əlaqələndirilir.

Ötən il Niderlandın “Elsevier” nəşriyyatının “SciVal” sistemi üzrə hesabatında Misirin Afrika qitəsində ən çox elmi tədqiqat əsərləri nəşr edən ölkə olduğu bildirilib. Belə ki, misirli alimlər tərəfindən yazılmış və elmin müxtəlif sahələrinə aid 31 mindən çox kitab işıq üzü görüb. Elmi tədqiqatlar sahəsində inkişafa nail olmaq istəyən Misir, eyni zamanda, ABŞ, Avropa İttifaqının aparıcı universitetləri ilə sıx əməkdaşlıq edir. Belə ki, ölkənin 800-dən çox tanınmış elm adamını birləşdirən, habelə nəzdində Elm, Texnologiya və İnnovasiya Rəsədxanasının fəaliyyət göstərdiyi Misir Elmi Tədqiqatlar və Texnologiyalar Akademiyası Qahirədəki Britaniya Universitetində və digər ali təhsil ocaqlarında laboratoriyalara malikdir. Qeyd edək ki, bu müəssisələrdə tədqiqatlar əsasən tibb, əczaçılıq, kənd təsərrüfatı, su təchizatı sahələrində aparılır. Bundan başqa, Misir-Yaponiya Elm və Texnologiya Universitetində də tədqiqatçı-alimlər yetişdirilir. Ümumilikdə isə, Misir alimlərinin ən populyar elmi tədqiqat sahələri Qədim Misir tarixi və arxeologiya, həmçinin ilahiyyat elmidir.

Ötən il Misirin Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyi “Elmin dirçəlişi” adlı yeni strategiyanı bəyan edib. Nazirliyin məlumatına görə, bu proqramın həyata keçirilməsinə dövlət büdcəsindən 90 milyon Misir funtu (5 milyon dollar) vəsait ayrılıb. Yeni layihədə riyaziyyat və fizika elmləri üzrə tədqiqatların aparılması nəzərdə tutulur.

Misir Universitetləri Ali Şurasının rəhbəri Movəd əl-Xoli bildirib ki, yeni elmi tədqiqatlar strategiyası istedadlı alimlər üçün inkubatorların yaradılmasını nəzərdə tutur. Bu çərçivədə riyaziyyat və fizika elmləri sahələrində fərqlənən tələbələrə maliyyə yardımları da göstərilə bilər. Eyni zamanda, gənclərin Böyük Britaniya və ABŞ-ın tanınmış universitetlərində qısamüddətli təhsili dövlət tərəfindən dəstəklənəcək.

Ölkənin Elmi Tədqiqatlar və Texnologiya Akademiyasının prezidenti Mahmud Sakr Misirin aparıcı ali təhsil müəssisələri – Qahirə və Ayn Şəms universitetləri, həmçinin İsgəndəriyyə Kitabxanasında çalışan alimlərin ayrıca bir qurumda birləşməsini təklif edir. Onun sözlərinə görə, əsas məqsəd kənd təsərrüfatı, tibb və sənayedə elmin ən son nailiyyətlərinin tətbiq edilməsi, alimlərin ölkənin tərəqqisinə töhfə verməsidir.

“Fundamental elmi tədqiqatlar aparan alimlər və laboratoriyalar olmadan, biz süni intellekt texnologiyasının tətbiqinə, kosmik tədqiqatlar aparılmasına, genetika sahəsində inqilaba nail ola bilmərik. Bunun üçün riyaziyyat, fizika, biologiya və astronomiya üzrə yüksəkixtisaslı kadrlar hazırlanmalıdır”, - deyə akademiyanın rəhbəri vurğulayıb. O hesab edir ki, iqtisadiyyata fayda verən konkret elmi tədqiqatlar aparılmalı, dünyanın qabaqcıl universitetləri ilə əməkdaşlıq inkişaf etdirilməlidir.

Yeni qlobal çağırışlar fonunda elmin və texnologiyaların inkişafı hər bir ölkə üçün taleyüklü məsələyə çevrilir. Misir rəsmiləri hesab edirlər ki, elmi tədqiqatlara dövlət dəstəyinin məhdud olduğu bir şəraitdə özəl sərmayələr hesabına böyük transmilli şirkətlərin nəzdində fəaliyyət göstərən yerli müəssisələrdə laboratoriyaların və tədqiqat mərkəzlərinin maddi-texniki bazasının gücləndirilməsi ən yaxşı variantdır.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.