SİYASƏT


Misir ictimaiyyəti Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb

Qahirə, 5 noyabr, AZƏRTAC

Azərbaycanın Misirdəki səfiri Tural Rzayev bu ölkənin Şarm Əl-Şeyx şəhərində keçirilən Beynəlxalq Gənclər Forumunda iştirak edib, tədbir haqqında, eləcə də Misir-Azərbaycan münasibətləri ilə bağlı Yaxın Şərq Xəbərlər Agentliyinə, həmçinin nüfuzlu qəzetlərə (“Ruzəl-Yusuf”, “Yaum7”, “Dostor”, “Masravy” və s.) müsahibə verib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Gənclər Forumunun əhəmiyyətinə toxunan səfir bu tədbirin dünyanın müxtəlif ölkələrindən gənclər arasında fikir mübadiləsi aparmaq üçün böyük imkanlar yaratdığını söyləyib. O, Forumda Azərbaycan gənclərinin də iştirak etdiyini bildirərək ölkəmizin bu tədbirin təqdim etdiyi məramları dəstəklədiyini vurğulayıb.

Forum çərçivəsində səfir Ərəb Dövləti Liqasının baş katibi Əhməd Əbulğeyt, Misirin mədəniyyət naziri İnas Əbdüddaim və miqrasiya naziri Nəbilə Məkrəm ilə görüşüb.

T.Rzayev Misir ilə Azərbaycan arasında mövcud əlaqələrə toxunaraq siyasi, iqtisadi, mədəni münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, noyabrın 8-də Bakı-Şarm Əl-Şeyx birbaşa çarter reysinin açılacağını qeyd edərək, iki ölkə arasında turizmin, habelə ticari əlaqələrin daha da inkişaf edəcəyini diqqətə çatdırıb.

Müsahibəsində səfir Azərbaycanın növbəti ildən Qoşulmama Hərəkatına ev sahibliyi edəcəyi barədə məlumat verərək, Misirin həmin Hərəkatın təsisçilərindən biri olduğunu və Azərbaycan tərəfindən Misir Prezidentinin 2019-cu ildə keçiriləcək Zirvə toplantısında iştirakı ilə bağlı dəvət məktubunun ünvanlanacağını bildirib.

Səfir son vaxtlar Misir ilə Azərbaycan arasında qarşılıqlı səfərlərin intensivləşdiyini diqqətə çatdıraraq, ticarət dövriyyəsinin artdığını bildirib, Bakının “Ekspo 2025”ə ev sahibliyi etməsi üçün namizədliyini irəli sürdüyünü, dost ölkələrin Azərbaycanın lehinə səs verəcəyinə ümid etdiyini söyləyib.

Müsahibə zamanı səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Azərbaycanın bu məsələdə beynəlxalq hüququn norma və prinsiplərinə söykənən ədalətli mövqeyindən söz açıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.