MƏDƏNİYYƏT


Misir ictimaiyyəti Azərbaycanın zəngin ədəbi irsini daha yaxından öyrənmək istəyir

Qahirə, 16 fevral, AZƏRTAC

Misir bəşəriyyətə dahi Nizami Gəncəvi kimi şair və mütəfəkkir bəxş edən Azərbaycan xalqının zəngin ədəbi irsini daha yaxından öyrənmək istəyir.

Bu fikri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Misirin Mərkəzi Kitabxanasının sədri, səfir Rza Tayfi söyləyib. Onun sözlərinə görə, Qahirədə yüksək səviyyədə və tanınmış alimlərin iştirakı ilə Nizami Gəncəvinin 880 illiyi münasibətilə keçirilən konfransdakı məruzələr göstərdi ki, sivilizasiyanın beşiyi olan Misirlə müsəlman Şərqinin ədəbi-mədəni həyatının mühüm bir hissəsi olan Azərbaycan arasında ortaq tarixi dəyərlər çoxdur. Həmçinin Misirin Mərkəzi Kitabxanasında davam edən Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi də Qahirə sakinlərinin böyük marağına səbəb oldu.

Rza Tayfi deyib: “Ərəb, fars və türk dillərində yazıb yaradan Azərbaycan şair və mütəfəkkirlərinin əsərləri bizim üçün çox qiymətlidir. Bu gün, həmçinin bizim kitabxanamıza Azərbaycanın müasir həyatı, tarixi və turizm potensialı haqqında nəşr edilmiş kitablar hədiyə edildi. Oxucularımız İslam aləmində özünəməxsus yeri olan dost Azərbaycan haqqında daha çox biliklər əldə etmək istəyirlər. Bu məqsədlə Azərbaycanın Misirdəki səfiri ilə də sizin kitabxanalarla əməkdaşlıq məsələlərini ətraflı müzakirə etdik. Dünyanın bir çox kitabxanaları ilə əlaqələri, habelə ölkə daxilində geniş şəbəkəsi olan Misirin Mərkəzi Kitabxanası qədim kitab və əlyazmalara malikdir. Düşünürəm ki, Azərbaycandan olan ərəbşünaslar və şərqşünas tədqiqatçılar da bizim kitabxanaların imkanlarından geniş istifadə edə bilərlər. Müasir texnologiyalar əsasında tərtib edilmiş elektron kitab fondları da bunun üçün əlverişli şərait yaradır”.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.