SİYASƏT
Misir jurnalisti Azərbaycanın uğurlarından yazır
Qahirə, 27 oktyabr, AZƏRTAC
Misirin nüfuzlu “Tahya Masr” qəzetində jurnalist, “Asiaelyoum” xəbərlər agentliyinin təsisçisi Əbubəkr Əbulməcdin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi ilə bağlı məqaləsi dərc edilib.
Ə.Əbulməcd Azərbaycan Respublikasının müsəlman Şərqində ilk demokratik respublika olduğunu bildirir. Hələ 1918-1920-ci illərdə qadınların səsvermə hüququnu tanıyan ilk respublikanın Azərbaycan olduğunu vurğulayan müəllif, eyni zamanda, Bakı Dövlət Universitetinin Şərqdə ilk universitet olduğunu qeyd edir.
Məqalədə 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının qarşısında duran əsas problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğu qeyd edilir. Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsinin indiyədək Ermənistan tərəfindən yerinə yetirilmədiyi diqqətə çatdırılır.
Müəllif 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu, mərkəzi hakimiyyətin gücləndiyini, “Əsrin müqaviləsi”nin imzalandığını, Azərbaycanın yeni neft strategiyasının əsasının qoyulduğunu vurğulayır.
Məqalədə Azərbaycanın Şərq və Qərb arasında körpü rolu oynadığı, özünün neft və qaz ehtiyatlarını boru kəmərləri vasitəsilə dünyaya ixrac etdiyi, həyata keçirilmiş islahatlar nəticəsində ölkədə yoxsulluğun səviyyəsinin 49 faizdən 5 faizə düşdüyü, iqtisadiyyatın üç dəfə artdığı, təhsil, səhiyyə və digər sosial sahələrdə dövlət xərclərinin on dəfə artdığı qeyd edilir, Azərbaycanın daha da inkişaf edəcəyi bildirilir.
Аsya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə