SİYASƏT


Misir mətbuatı Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin Bakıda keçirilmiş konfransını geniş işıqlandırıb

Qahirə, 6 noyabr, AZƏRTAC 

Misir mətbuatı Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin noyabrın 5-də Bakıda keçirilmiş konfransını geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, Misirin Yaxın Şərq Xəbərlər Agentliyi, “Asiya al Youm”, “Al Omah”, “Geytnyusnau” və digər nəşrləri konfransa və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun həmin tədbirdəki çıxışından fikirlərə geniş yer verib. Qeyd edilir ki, nazir Azərbaycanın Fələstin xalqının sülh, sabitlik və dayanıqlı inkişafa nail olmaq yolunda mübarizəsini davamlı şəkildə dəstəklədiyini bildirib. O, Azərbaycanın Fələstin məsələsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini davamlı olaraq dəstəklədiyi vurğulayıb.

Yazılarda ölkəmizin Fələstinlə bağlı bir sıra beynəlxalq tədbirlərə, o cümlədən keçən il BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının tətbiqi üzrə komitəsinin, humanitar məsələlərin əlaqələndirilməsi üzrə ofisinin, İslam Əməkdaşlıq Təşkilatının (İƏT), vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qüds məsələsi üzrə beynəlxalq konfransa ev sahibliyi etdiyi diqqətə çatdırılıb. Azərbaycanın Fələstin xalqının çətin günlərində hər zaman onun yanında olduğunu və İslam həmrəyliyinə sadiq qaldığını deyən nazir ciddi maliyyə çətinlikləri ilə üzləşən Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə ölkəmizin cari ilin oktyabr ayında 200 min ABŞ dolları məbləğində yardım etdiyini bildirib.

Ərəbdilli oxucuların diqqətinə çatdırılır ki, nazir konfrans iştirakçılarına Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və onun nəticələri barədə də məlumat verib.

Məqalələrdə, həmçinin Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Malikinin Fələstin xalqının sülh uğrunda mübarizəsində göstərdiyi davamlı dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür etdiyi vurğulanır.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.