SİYASƏT
Misir mətbuatı Prezident İlham Əliyevin TASS agentliyinə müsahibəsindən sitatlara geniş yer ayırıb
Qahirə, 20 oktyabr, AZƏRTAC
Misirin nüfuzlu “Əl-Əhram” qəzeti, “Youm7” və “Dostor” informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinə müsahibəsindən sitatları yayıb.
AZƏRTAC-a istinadla yayılan xəbərlərdə qeyd olunur ki, Azərbaycanın dövlət başçısı işğalçı Ermənistanın humanitar atəşkəs rejimini pozduğunu, eyni zamanda, Gəncə şəhərinə iki dəfə raket hücumu etdiyini bildirib. Prezident İlham Əliyev mülki insanların hədəfə alınmasını alçaq cinayət adlandıraraq deyib: “…Əgər erməni tərəfi nəhayət başa düşsə ki, hərbi təxribatlar yolu onları fəlakətə aparır, biz hərbi əməliyyatları yenidən dayandırmağa və məsələni danışıqlar masası arxasında həll etməyə hazırıq”.
Xəbərlərdə qeyd olunub ki, Azərbaycan Prezidenti Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qaytarılmasının danışıqların baza prinsipləri olduğunu və ölkəmizin bu prinsiplərə sadiqliyini vurğulayıb. Bununla yanaşı, Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından üstünlüyünü göstərib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə