CƏMİYYƏT
Misir mətbuatı bu ölkənin Azərbaycanla əlaqələrinin inkişafından yazıb
Qahirə, 29 iyul, AZƏRTAC
Misirin rəsmi MENA agentliyinin saytında, həmçinin “Əl Əhram”, Əl Masr Əl Yom” və s. qəzet və portallarda bu ölkənin xarici işlər nazirinin köməkçisi İhab Nasrın Bakıya səfəri zamanı Azərbaycan Xarici İşlər, İqtisadiyyat, Səhiyyə nazirliklərində və SOCAR-da keçirdiyi görüşlər barədə geniş yazılar dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalə və xəbərlərdə iki dost ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələr üzrə genişləndiyi qeyd olunub. Misir ictimaiyyətinin nəzərinə çatdırılıb ki, Azərbaycanın rəsmi şəxsləri ilə aparılan danışıqlarda iş adamları arasında əlaqələrin daha da güclənməsi, biznes forumların və birgə investisiya layihələrinin həyata keçirilməsi diqqət mərkəzində olub.
Misir mətbuatı vurğulayıb ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın prioritet sahələrindən biri də farmasevtika sektorudur. Yaxın Şərq və Afrika ölkələrinə əsas dərman preparatları ixracatçısı olan Misir Azərbaycan bazarında daha fəal iştirak etmək niyyətindədir.
Qahirə