SİYASƏT


Misir mətbuatı ölkəmizin bu ölkədəki səfirliyinin Milli Qurtuluş Günü ilə bağlı bəyanatını yayıb

Qahirə, 14 iyun, AZƏRTAC

Misirin “Əl Vəsilə” qəzeti və “Yeni dünya xəbərləri” portalı ölkəmizin Misirdəki səfirliyinin Azərbaycan xalqının Milli Qurtuluş Günü ilə bağlı bəyanatını yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda 1991-ci ilin oktyabrında Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini bərpa edən xalqımızın dərin böhran, ölkənin parçalanma təhlükəsi, xaos, vətəndaş qarşıdurması və sovet ordusunun dəstəklədiyi Ermənistanın hərbi təcavüzü ilə üzləşdiyi diqqətə çatdırılıb. Belə ağır şəraitdə xalqımız həmin vaxt Naxçıvanda olan dahi siyasətçi Heydər Əliyevi təkidlə Bakıya dəvət edib. 1993-cü il iyunun 9-da Azərbaycanın paytaxtına gələn Ümummilli Liderimiz xilaskarlıq missiyasını yerinə yetirərək ölkəni çətin vəziyyətdən çıxara bilib. Dahi şəxsiyyətin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə xalqın həmrəyliyinə nail olunub və bu əlamətdar gün Milli Qurtuluş Günü kimi qeyd olunur.

Bəyanatda ulu öndər Heydər Əliyevin müasir dövlət quruculuğu sahəsində atdığı müdrik addımlar, o cümlədən Azərbaycanın beynəlxalq aləmdə tanıdılması və nüfuzunun artırılması, regionun lider dövlətinə çevrilməsi barədə məlumat verilir. Sənəddə diqqətə çatdırılır ki, ölkəmiz Ulu Öndərin müdrik siyasətini davam etdirən Prezident İlham Əliyevin liderliyi ilə iqtisadiyyatı dinamik inkişaf edən dövlət, beynəlxalq aləmdə ən etibarlı tərəfdaş kimi tanınır. Bu gün Azərbaycan regional problemlərin həllində əsas söz sahibi, regionun ən sürətlə inkişaf edən ölkəsidir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.