DÜNYA
Misir neft və qaz sektorunun inkişafına 10 milyard dollar sərmayə yatırmağı planlaşdırır
Qahirə, 10 noyabr, AZƏRTAC
Misir Neft və Mineral Ehtiyatlar Nazirliyi neft və qaz sektoruna investisiyaların cəlb olunmasına yol açan tədbirlərin görülməsini davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qahirədə Misirin neft və mineral ehtiyatlar naziri Tarik əl-Mulla bəyan edib. Onun sözlərinə görə, 2018/2019-cu maliyyə ili ərzində neft və qaz kəşfiyyatına və artıq kəşf edilmiş yataqların işlənməsinə təqribən 10 milyard dollar sərmayə yatırmaq planlaşdırılır.
Nazir bəyanatında bildirib ki, aparıcı beynəlxalq şirkətlərin ölkəyə gəlməsi onların Misirdə investisiya mühitinin yaxşılaşdığına və həyata keçirilən islahatların səmərəli olduğuna inandığını göstərir. Nazir deyib ki, xüsusən neft-qaz kəşfiyyatına dair imzalanmış sazişlərin sayının artması və Aralıq dənizinin dərin sulu hissəsində qaz hasilatı üzrə iri layihələrin reallaşdırılması nəzərə alınmaqla, yaxın illərdə neft sektoruna investisiyaların həcminin sabit şəklidə artmasına nail olmaq planlaşdırılır. Əl-Mulla əlavə edib ki, investisiyaların artması Misirin neft-qaz ehtiyatlarının inkişafının əsasını təşkil edir, quruda və dənizdə müxtəlif sahələrdə hasilatın və ehtiyatların artmasına, habelə Qırmızı dənizdə və Aralıq dənizinin qərb hissəsində perspektivli yataqların açılmasına kömək edir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə