Misir nəşri: Ərəb Liqasının baş katibi Bakıdan dünyaya səsləndi
AzerTAg.az
Qahirə, 17 iyun, AZƏRTAC
Misirin “Əxbar Əl Yom” nəşrində “Ərəb Liqasının baş katibi Bakıdan dünyaya səsləndi” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, Ərəb Liqasının baş katibi Əhməd Əbul Qeytin Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda çıxışının xülasəsinin yer aldığı məqalədə liqanın rəhbərinin belə mötəbər tədbirin təşkilinə görə dövlətimizin başçısına təşəkkür etdiyi qeyd olunub.
Məqalədə diqqətə çatdırılıb ki, Ərəb Liqasının baş katibi hazırda bəşəriyyətin qarşılaşdığı ağır problemlərin həlli üçün böyük güclərin bir araya gəlməsinin və yeni tarazlıq sisteminin yaradılmasının vacibliyini vurğulayıb. O əlavə edib ki, indi bütün dünyada insanlar gələcəyi üçün narahatdırlar. Onlar daha böyük fəlakətlərin baş verə biləcəyindən ehtiyat edirlər. Müasir dünya nizamını normal vəziyyətə gətirmək üçün, ilk növbədə, sülh və təhlükəsizliyin təmin olunmasına ehtiyac var. Bunun üçün isə siyasətçilərin və dövlət xadimlərinin müdrik qərarları lazımdır.
Yazıda diqqətə çatdırılıb ki, Qlobal Bakı Forumunda çıxış edən Ərəb Liqasının baş katibi əvvəlki iki dünya müharibəsinin acı təcrübələrinə istinadla dayanıqlı sülhə nail olunmasının yolunun siyasi dialoqdan keçdiyini bildirib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xəbərin mətnində orfoqrafik səhv var