SİYASƏT
Misir nəşri azərbaycanlı alimin Ermənistanda etnik təmizləmə siyasəti haqqında məqaləsini dərc edib
Qahirə, 20 oktyabr, AZƏRTAC
Misirin “Aldiplomasy” nəşrində AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun “XX əsrdə azərbaycanlıların Ermənistandan köçürülməsi siyasəti” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə misirli oxucular Ermənistanın etnik təmizləmə siyasəti barədə məlumatlandırılır. Qeyd olunur ki, ərazilərimizi işğal edən və əslində özü də əzəli Azərbaycan torpaqlarında süni şəkildə yaradılan Ermənistan 1918-1921, 1948-1953 və 1988-1992-ci illərdə etnik təmizləmə siyasəti aparıb. Bu çirkin siyasət XX əsrdə azərbaycanlıların yaşadıqları 30 mindən çox evin yandırılması, 140 min dinc sakinin qətlə yetirilməsi, eyni zamanda, 750 mindən çox insanın Qərbi Azərbaycandan köçürülməsi ilə nəticələnib. 1988-ci ildə başlayan son etnik təmizləmə zamanı 220 min azərbaycanlı öd doğma yurdlarından didərgin salınıb. Ermənilər həmin ərazilərdə qəbiristanlıqları, tarixi-mədəniyyət abidələrini, məscidləri dağıdıb, barbarlıq aktları həyata keçiriblər.
Müəllif konkret faktlar və sənədlər əsasında Sovet İttifaqı dövründə azərbaycanlıların məhz Azərbaycan torpaqlarında yaradılan Ermənistan adlı dövlətdən köçürülməsi, şəhər, kənd və qəsəbələrin qədim adlarının dəyişdirilməsi, sonra isə ermənilərin bu mənfur siyasəti işğal etdikləri Azərbaycan ərazilərində XXI əsrdə də davam etdirməsi barədə geniş məlumat verir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə