SİYASƏT
Misir nəşrində Azərbaycanın haqlı mübarizəsindən bəhs edilib
Qahirə, 16 oktyabr, AZƏRTAC
Misirdəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov “Almydannews” qəzetinin müxbiri Əhməd Vahidə müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində xalqımızın haqlı mövqeyini çatdırıb.
AZƏRTAC xəbər verir ki, Dağlıq Qarabağın mübahisəli ərazi olmadığını, bütün dünya tərəfindən hüquqi müstəvidə tanınan əzəli və əbədi Azərbaycan torpağı olduğunu qeyd edən diaspor sədri ərəb KİV-lərini, o cümlədən misirli jurnalistləri öz yazılarında bu mühüm detala diqqət yetirməyə çağırıb. S.Nəsirov vurğulayıb ki, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Dağlıq Qarabağ və ona bitişik rayonlardan çıxarılmasına dair sənədlərinə baxmayaraq, təcavüzkar ölkə 30 ilə yaxın müddətdə sülh danışıqlarından yalnız status-kvonu qoruyub saxlamaq üçün istifadə edib. İşğalçı ermənilərdən fərqli olaraq, qəhrəman Azərbaycan əsgəri öz doğma torpağında döyüşür və haqq işi uğrunda mübarizə apararaq böyük zəfərlər qazanır.
Diaspor sədri, həmçinin dünyanın bir çox dövlətlərinin, İslam Əməkdaşlıq Təşkilatı başda olmaqla çox sayda beynəlxalq təşkilatın erməni ordusu tərəfindən Qarabağın azərbaycanlı əhalisinə qarşı törədilmiş Xocalı hadisəsini soyqırımı kimi tanıdığını qeyd edib. O əlavə edib ki, son günlər Azərbaycan Ordusunun qarşısında aciz qalan ermənilər mülki obyektləri, dinc əhalini hədəfə almaqla müharibə cinayəti törədirlər.
Qəzetin materialında Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarına istinadla rəşadətli Ordumuzun torpaqlarımızı işğaldan azad etməsindən də bəhs olunur.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə