DÜNYA


Misir paytaxtında analoqu olmayan məkan. “Zibilyığanlar şəhəri” Fotoreportaj

Qahirə, 30 iyul, AZƏRTAC

Təqribən 20 milyon əhalisi olan Qahirə bir çox tarixi məkanları, görməli yerləri, muzeyləri və parkları ilə məşhurdur. Amma Misir paytaxtının dünyada analoqu olmayan bir məhəlləsi – bütün xəritələrdə “Zibilyığanlar şəhəri” kimi təqdim olunan ərazisinin də olduqca maraqlı tarixi var.

Misirin ən qədim sakinlərinin – qibti xristianların yaşadıqları bu “şəhər”də qədim kilsə olmasına baxmayaraq, buradakı üfunət səbəbindən əcnəbi turistlərin diqqətindən kənarda qalır. Bütün Qahirənin məişət tullantılarını toplamaqla dolanışığını təmin edən sakinləri ərəblər “zəbbəlin” (zibilyığan”) adlı sosial qrupa aid ediblər. 1969-cu ildə yaradılan böyük məhəllə Müqəddəm təpələrinin əhatəsində yerləşir və ətrafında dünyaca məşhur tarixi abidələr var. Təxminən 200 min insanın yaşadığı məhəllədə kafelər, restoranlar, məişət xidməti obyektləri fəaliyyət göstərir.

Məhəllə sakinləri AZƏRTAC-ın müxbirinə bildiriblər ki, məişət tullantılarının yığılıb təhvil verilməsi onlara ölkə standartlarında normal gəlir əldə etməyə imkan verir. Nəhəng meqapolis olan Qahirədə tullantıların utilizasiyası problem olduğundan, dövlət onların fəaliyyətini qadağan etməyi düşünmür. Paytaxtın müxtəlif məhəllələrindəki ev sahibləri hər həftə onlara pul ödəyir. Artıq ailə peşəsinə çevrilmiş zibil yığılması uzun onilliklər boyu bu insanların həyat tərzini müəyyən edib: yaşadıqları binaların ayrıca bir mərtəbəsinə məişət tullantıları ilə dolu kisələr yerləşdirilir və onların yaydığı üfunət bu insanları heç də narahat etmir. Evlərin damında isə çeşidlənmiş və təkrar xammal kimi istifadə olunacaq tullantılar yerləşdirilir. Məişət tullantılarının yandırılması üçün də xüsusi yerlər ayrılıb. Ərzaq tullantıları donuzlara yedizdirilir, bu səbəbdən yoxsul müsəlmanlar bu ərazidə işləmək istəmirlər. Hesablamalara görə, “zəbbəlinlər” Qahirənin məişət tullantılarının 85 faizini utilizasiya edirlər.

Qəribə “şəhərin” ən görməli məkanı isə Müqəddəs Çəkməçi Simeonun qibti pravoslav monastırıdır. Bir neçə kilsədən ibarət olan monastırın tərkibinə dağların dərinliklərində yerləşən məbədlər də daxildir. Onların divarlarında Bibliya süjetlərinin rəsmləri və qədim yazılar da əks olunub. Yaxınlıqda məktəb, uşaq bağçası, bir neçə xristian xeyriyyə cəmiyyəti fəaliyyət göstərir. Monastırdakı kilsələrdə eyni vaxtda 20 mindən çox insan ibadət edə bilir. Monastır X əsrdə yaşamış çəkməçinin adını daşıyır. Rəvayətə görə, çəkməçi Simeon 972-ci ildə Qahirəyə gələn xəlifə Müizin gözləri önündə Müqəddəm dağını yerindən tərpədə bilib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.