SİYASƏT


Misir portalı AZƏRTAC-ın müxbirinin Şuşanın azad edilməsi haqqında məqaləsini yayımlayıb

Qahirə, 9 noyabr, AZƏRTAC

Misirin “Aldiplomasy” informasiya portalı AZƏRTAC-ın xüsusi müxbiri Oqtay Bayramovun Şuşa şəhərinin erməni işğalından azad edilməsi barədə məqaləsini yayımlayıb.

“Azərbaycan Prezidenti Şəhidlər xiyabanında Şuşanın azad edilməsi müjdəsini verdi” sərlövhəli məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində iyirmi səkkiz il yarım işğal altında olan Şuşanın azad edildiyini, 2020-ci il noyabrın 8-nin Azərbaycan tarixində əbədi qalacağını söyləyib. O, şanlı Qələbənin danışıqlar masası arxasında yox, döyüş meydanında qazanıldığını vurğulayıb.

Misir ictimaiyyətinə məlumat verilib ki, dövlətimizin başçısı 30 ilə yaxın davam edən mənasız danışıqlar prosesində Ermənistan tərəfinin, sadəcə olaraq vaxt udmaq, status-kvonu möhkəmləndirmək, əbədi etmək istədiyini bildirib. Qeyd edib ki, bu illər ərzində dəfələrlə Azərbaycana müxtəlif güc mərkəzlərindən göndərilən siqnallar bizi vəziyyətlə barışmağa sövq edib. Ancaq biz qətiyyət, cəsarət, siyasi iradə göstərərək Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədik.

Qeyd olunub ki, Azərbaycan Prezidenti Şuşanın Azərbaycan tarixində xüsusi yeri olduğunu söyləyərək, bu şəhəri nəinki Azərbaycanın, bütün Qafqazın incisi adlandırıb. O vurğulayıb ki, mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi, məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcək.

Məqalədə Azərbaycanın dövlət başçısının Qələbəyə aparan yolda çətinliklər, zəfərimizin əsas amillərindən biri olan iqtisadi inkişafımız, xalqımızın hakimiyyətlə həmrəyliyi, diplomatiyamızın uğurları, ən əsası – ordu quruculuğu barədə fikirləri də yer alıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.