SİYASƏT
Misir portalı Azərbaycan və Türkiyə liderlərinin imzaladıqları Şuşa Bəyannaməsindən yazıb
Qahirə, 17 iyun, AZƏRTAC
Misirin “Aldiplomasy” informasiya portalında Azərbaycanın və Türkiyənin liderləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın imzaladıqları mühüm sənəd – Şuşa Bəyannaməsi haqqında AZƏRTAC-ın xəbəri yayımlanıb.
Xəbərdə diqqətə çatdırılıb ki, qardaş ölkələr – Azərbaycanın və Türkiyənin dövlət başçılarının imzaladıqları sənəddə müdafiə və təhlükəsizlik məsələlərindən tutmuş siyasi, sosial, iqtisadi və mədəni əlaqələrin inkişafına qədər bütün sahələrdə əlaqələrin daha da gücləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, rəsmi Bakı və Ankara arasında əməkdaşlıq bütün regionda sülhə və tərəqqiyə töhfə olacaq.
Yazıda, həmçinin iki qardaş ölkənin dövlət başçılarının təkbətək görüşü, mətbuata birgə bəyanatları haqqında da məlumat verilib. Diqqətə çatdırılıb ki, dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, həmçinin birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan Şuşada “Xan qızı” bulağında olublar və Heydər Əliyev Fondunun təşkil etdiyi “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiyanın təqdimatında iştirak ediblər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə