SİYASƏT
Misir portalı: Azərbaycan xalqı Qələbəni bayram edir
Qahirə, 11 noyabr, AZƏRTAC
Misirin “Aldiplomasy” informasiya portalında baş redaktor Əşrəf Əbu Urafənin “Azərbaycan xalqı Qələbəni bayram edir” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə sentyabrın 27-dən başlayaraq torpaqlarının erməni işğalından azad olunması uğrunda döyüşlərdə böyük igidlik nümayiş etdirən Azərbaycan Ordusunun 300-dən artıq yaşayış məntəqəsini, o cümlədən Qarabağın incisi Şuşanı düşmən tapdağından xilas etdiyi vurğulanır, Müzəffər Ali Baş Komandan İlham Əliyevin noyabrın 10-da xalqa müraciətindən sitatlar verilir.
Müəllif AZƏRTAC-a istinadla fotoşəkilləri də təqdim edib. Həmçinin xalqımızın şanlı Qələbəni qeyd etdiyini, Azərbaycanda xalqla hakimiyyət arasında möhkəm birliyin və həmrəyliyin olduğunu bildirir. Vurğulayır ki, Azərbaycan Prezidenti İlham Əliyev müdrik siyasəti və böyük sərkərdəlik məharəti ilə azərbaycanlıların 30 illik torpaq həsrətinə son qoydu.
Məqalədə, eyni zamanda, diqqətə çatdırılır ki, ərazilərini işğaldan azad etmiş Azərbaycan bundan sonra həmin torpaqlarda quruculuq işləri aparacaq, həmçinin bütün müsəlmanlar üçün əhəmiyyətli olan məscidləri və İslam abidələrini bərpa edərək minarələrdə yenidən azan səsinin ucalmasını təmin edəcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə