SİYASƏT
Misir portalı Azərbaycandakı dini konfessiya liderlərinin Qarabağdakı abidələrlə bağlı bəyanatını yayıb
Qahirə, 27 noyabr, AZƏRTAC
Misirin “Aldiplomasy” portalı Azərbaycandakı dini konfessiya liderlərinin Qarabağda ermənilər tərəfindən dağıdılan və vandalizm aktına məruz qalan dini abidələrlə bağlı bəyanatının tam mətnini yayıb.
AZƏRTAC xəbər verir ki, portalda Misir ictimaiyyətinə təqdim edilən birgə bəyanatda Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin tarixi-mədəni abidələrimizin bərpası sahəsində görüləcək işlərə xeyir-dua verdiyi qeyd olunur. Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev öz müraciət və müsahibələrində ölkənin digər ərazilərindəki kimi, işğaldan azad edilmiş torpaqlarda da bütün dini və mədəni abidələr, ibadət evlərinin bərpa ediləcəyini, hər bir insanın inancına hörmətlə yanaşılacağını, sülh şəraitində birgəyaşayışın təmin olunacağını dəfələrlə vurğulayıb.
Bəyanatda diqqətə çatdırılır ki, əsrlər boyu Azərbaycanda firavan yaşayan və öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirən pravoslav və katolik xristianlar, Dağ yəhudiləri, Alban-udi xristianları, aşkenazi-Avropa yəhudiləri və digər dini icmalarının rəhbərləri Azərbaycanın bu sülhpərvər siyasətini dəstəkləyir, tariximizin və mədəniyyətimizin bərpası sahəsində görüləcək möhtəşəm quruculuq işlərinə xeyir-dualar verirlər.
Bəyanat dünya ictimaiyyətinə müraciətlə tamamlanır: “Biz, Azərbaycandakı dini konfessiya rəhbərləri xarici ölkələrin dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatların rəhbərlərinə, dini liderlərə və dünya ictimaiyyətinə müraciət edərək, onları ölkəmizdə və yaşadığımız bölgədə sülh, əmin-amanlıq və birgəyaşayışın bərqərar olmasına dəstək verməyə çağırırıq!”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə