SİYASƏT
Misir portalı Prezident İlham Əliyevin “La Repubblica” qəzetinə müsahibəsinin əsas məqamlarını yayıb
Qahirə, 15 oktyabr, AZƏRTAC
Misirin “Əl Diplomasi” informasiya portalı Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsinin əsas məqamlarını dərc edib.
AZƏRTAC xəbər verir ki, məqalədə dövlətimizin başçısının Azərbaycanın xarici siyasətinin çox açıq, şəffaf, sabit və müstəqil olduğu barədə fikirləri yer alıb. Yazıda qeyd olunub ki, Prezident İlham Əliyev heç bir digər ölkənin Azərbaycanın qərarlarına təsir edə bilməyəcəyini və ya buna çalışmalı olmadığını vurğulayıb. O, qərarların Bakıda, Azərbaycanın milli maraqları əsasında şəxsən özü tərəfindən verildiyini diqqətə çatdırıb.
Məqalədə qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycanın öz sərhədlərinə hörmətlə yanaşılmasını istədiyini vurğulayıb.
Sonda diqqətə çatdırılıb ki, Azərbaycanın xarici siyasət prioritetləri haqqında danışan Prezident İlham Əliyev qonşu ölkələrlə münasibətlərin prioritet olduğunu söyləyib. O əlavə edib ki, 8 il ərzində əvvəlki İran hökuməti ilə münasibətlər ən yüksək mümkün səviyyəyə çatıb. İki qonşu ölkə arasında enerji, nəqliyyat, mədəni inkişaf, təhlükəsizlik sahələrində bir çox sazişlər imzalanıb və icra edilib. Münasibətlərimiz, əslində, dostluq və yaxşı qonşuluq rəmzinə çevrilib. İranın yeni hökuməti, yeni Prezidenti seçiləndə də onun inauqurasiyasına parlament sədrinin və Baş nazirin müavininin rəhbərliyi ilə böyük nümayəndə heyəti göndərilib. Onlar Azərbaycanın dövlət başçısının dostluq mesajını birbaşa İran Prezidentinə çatdırıblar.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə