SİYASƏT


Misir portalları Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan yenidənqurma işlərindən yazıb

Bakı, 13 iyul, AZƏRTAC

Qırx dörd günlük Vətən müharibəsindən sonra Azərbaycanda, xüsusilə işğaldan azad olunmuş Qarabağda başlayan bərpa və yenidənqurma işləri ərəb mətbuatının diqqət mərkəzindədir. Misir KİV-ləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində gedən proseslərlə bağlı yerli ictimaiyyəti mütəmadi olaraq məlumatlandırır.

AZƏRTAC xəbər verir ki, bu ölkənin “elarabielyoum”, “soutelshaab”, “wwnewss” saytları və digər informasiya resurslarında dərc olunan növbəti məqalələrdə Ermənistan işğalından azad edilmiş torpaqlarımızda həyata keçirilən minatəmizləmə əməliyyatlarından və həyata keçirilən infrastruktur layihələrindən danışılır.

Bildirilir ki, ərəb ölkələrindən olan bir qrup jurnalist bu yaxınlarda Cəbrayıl rayonunda minaların zərərsizləşdirilməsi prosesini izləyib, Azərbaycanın minatəmizləmə briqadalarının fəaliyyətini geniş işıqlandırıb.

Yazılarda qeyd olunub ki, minaların aşkarlanması üçün müasir minatəmizləmə cihazları ilə yanaşı, xüsusi təlim keçmiş itlərdən də istifadə edilir. Briqadalar qısa vaxt ərzində daha çox ərazinin minadan təmizlənməsi üçün var qüvvələri ilə çalışır. İndiyədək tank və piyada əleyhinə minlərlə mina zərərsizləşdirilib.

Məqalələrdə diqqətə çatdırılır ki, azad olunmuş torpaqlarda infrastruktur layihələrinin həyata keçirilməsini sürətləndirmək üçün minalanmış bütün sahələrin xəritələri Azərbaycana verilməsi və ərazilərin tamamilə təmizlənməsi lazımdır.

Azərbaycanın Ermənistan işğalından azad edilmiş Qarabağda artıq yenidənqurma işlərinə start verdiyinə diqqət çəkən jurnalistlər Füzuli Beynəlxalq Hava Limanında, eləcə də Azərbaycanın dilbər guşəsi Şuşada bərpa-tikinti işlərinin sürətlə icra edildiyini vurğulayıblar.

Həmçinin qeyd olunub ki, Azərbaycana səfər etmiş Misir Jurnalistləri Həmkarlar İttifaqının Ərəb-Afrika işləri üzrə bölməsinin rəhbəri Əymən Amir qısa müddət ərzində qazanılmış nailiyyətlərə görə Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.