DÜNYA
Misir təbii qazın Avropaya əsas tədarükçülərindən biri olmaq istəyir
Qahirə, 4 mart, AZƏRTAC
Misir Yaxın Şərq və Afrikanın enerji və ticarət habı, habelə Avropanın əsas təbii qaz tədarükçülərindən biri olmaq istəyir. Məhz bu məqsədlə Qahirənin təşəbbüsü ilə Şərqi Aralıq dənizi Qaz Forumu təsis edilib və hazırda uğurla fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Misirin neft naziri Tarik Molla videokonfrans formatında keçirilən beynəlxalq CERAWeek konfransında səsləndirib. Onun sözlərinə görə, sözügedən forumun əsas məqsədi təbii qazın mayeləşdirilməsi, yeni kəmərlərin inşası və “mavi yanacağın” İtaliya və Yunanıstana nəqlidir. Misir hökuməti 8 illik fasilədən sonra Damiyetta qaz emalı zavodu və anbarının fəaliyyətini də bərpa edib.
Nazir əlavə edib ki, onun ölkəsi bərpaolunan enerji mənbələrindən istifadəni də genişləndirməyi nəzərdə tutur. Belə ki, 2030-cu ilədək Misirdə elektrik enerjisi istehsalının 40 faizi bu mənbələr hesabına həyata keçiriləcək. Bundan başqa, hidrogen enerjisindən daha səmərəli istifadə məqsədilə Belçika və Almaniyanın qabaqcıl şirkətləri ilə danışıqlar aparılır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə