CƏMİYYƏT
Misir və Mərakeş portalları azərbaycanlı jurnalistin Cəbrayıl şəhəri ilə bağlı məqaləsini yayıb
Bakı, 4 oktyabr, AZƏRTAC
Misirin və Mərakeşin xəbər portalları azərbaycanlı jurnalist, “Modern.az” saytının redaktoru Əfqan Qafarlının “Ermənistanın yer üzündən sildiyi Cəbrayıl şəhəri” sərlövhəli məqaləsini yayıb.
AZƏRTAC xəbər verir ki, Cəbrayılın işğaldan azad edildiyi gün ərəfəsinə dərc olunan məqalədə ermənilərin bu rayonda tarixdə misli-bərabəri olmayan talanlar törətdikləri vurğulanıb.
Müəllif bildirib ki, yaşayış evləri məhv edilən, qəbiristanlıqları dağıdılan, məscidləri təhqir olunan, tarixi və mədəni abidələri yerlə-yeksan edilən, muzeyləri qarət olunan, xəstəxanaları, məktəbləri və uşaq bağçaları sökülən, kitabxanaları yandırılan, meşələri qırılan, bulaqları və kəhrizləri qurudulan rayonun indiki mənzərəsinə dünyadakı heç bir münaqişə zonasında rast gəlinə bilməz. İşğalçılar Cəbrayılda bir binanı da salamat saxlamayıb. Bu, faşizmin və vandalizmin əlamətləridir.
Oxucuların diqqətinə çatdırılıb ki, nəhayət, 27 ildən sonra Cəbrayılın xilas günü yetişib. İllər əvvəl doğulduğu rayonu qucaqda tərk edən uşaqlar Cəbrayıla tankların üstündə döyüşçü kimi qayıtdılar. İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra Cəbrayıla gedən Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq təşkilatların nümayəndələrini, xarici ekspertləri, səfirləri, jurnalistləri erməni vəhşiliyinə şahid olmaq üçün rayona dəvət edib.