SİYASƏT
Misir və Oman mətbuatı Azərbaycanın regional sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi səylərindən yazıb
Qahirə, 21 may, AZƏRTAC
Misirin “Dustur” qəzeti və Omanın rəsmi agentliyinin saytında Azərbaycanın regional sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində səylərindən bəhs edən yazılar dərc olunub.
AZƏRTAC xəbər verir ki, materiallarda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Avropa Şurası Nazirlər Komitəsinin İtaliyanın Turin şəhərində keçirilən 132-ci sessiyasında çıxışına geniş yer verilib. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, nazir Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində rəsmi Bakının ardıcıl səylərinin davam etdiyini, aprelin 6-da Avropa İttifaqı Şurası Prezidentinin vasitəçiliyi və iştirakı ilə iki ölkənin liderlərinin Brüsseldə baş tutan görüşünün bu prosesə müsbət təsir göstərdiyini qeyd edib. O vurğulayıb ki, həmin görüşün yekunlarına görə, iki ölkə arasında sülh sazişinin hazırlanmasına başlanılması ilə bağlı xarici işlər nazirlərinə təlimat verilib, həmçinin iki dövlət arasında sərhədin delimitasiya və demarkasiyası ilə bağlı Birgə Sərhəd Komissiyasının təşkili razılaşdırılıb.
Sonda qeyd edilib ki, Azərbaycanın xarici işlər naziri rəsmi Bakının regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində Ermənistanla əməkdaşlıq etməyə hazır olduğunu bildirib, həmçinin bu istiqamətdə xüsusi rola malik etimad quruculuğu tədbirlərinin həyata keçirilməsinə Avropa Şurasının töhfə verə biləcəyini deyib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə