DÜNYA


Misirdə 5 min il əvvəl pivə istehsal edilən məkan tapılıb

Qahirə, 15 fevral, AZƏRTAC

Arxeoloqlar Misirin qədim Abidos şəhərində 5 min il əvvəl kütləvi pivə istehsal edilən məkanı aşkar ediblər. AZƏRTAC xəbər verir ki, məlumatı bu ölkənin Turizm və Qədim Abidələr Nazirliyi yayıb.

Misirin Sohaq vilayətinin ərazisində tapılan bu məkanın eramızdan əvvəl 3100-cü ildə hökmranlıq etmiş firon Narmerin dövrünə aid olduğu bildirilir. Ərazidə qazıntılar aparan Amerika-Misir birgə arxeoloji ekspedisiyasının rəhbəri, professor Metyu Edams jurnalistlərə müsahibəsində deyib ki, Qədim Misirin erkən fironlar dövründə pivə firon ailəsi üzvlərinin dəfn mərasimində içilirdi. İyirmi iki min litr pivə istehsal edilən bu məkanda arpa dənələrini əzmək və qarışdırmaq üçün alətlər, habelə su kəməri olub.

Bu qiymətli tapıntını postpandemiya dövründə ölkəyə gələcək əcnəbi turistlərin ziyarət məkanına çevirəcəyini bəyan edən Turizm və Qədim Abidələr Nazirliyi qeyd edib ki, tapılmış məkan haqqında hazırlanan videoçarx da geniş yayılacaq.

Xatırladaq ki, COVID-19 pandemiyası səbəbindən Misirə gələn əcnəbi turistlərin sayı 2019-cu ildəki 13 milyon nəfərdən 3 milyonadək azalıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.