MƏDƏNİYYƏT


Misirdə 99 otel yerli turistlər üçün açılıb

Qahirə, 4 iyun, AZƏRTAC 

Büdcə gəlirlərinin böyük bir hissəsinin turizm sektorundan əldə edildiyi Misirdə hökumət 99 otelə fəaliyyətini bərpa etmək üçün lisenziya verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Misirin Turizm Nazirliyi məlumat yayıb. Sözügedən otellər paytaxt Qahirə, Qırmızı dəniz sahilləri, İsgəndəriyyə, Süeş və Asuanda yerləşir.

Nazirliyin məlumatında qeyd olunub ki, iyunun 8-dən fəaliyyətini bərpa edəcək otellərin qonaq qəbuletmə həcmi 50 faizə endirilib. Səhiyyə Nazirliyi və Turizm Assosiasiyası onların COVID-19 pandemiyasına qarşı hazırlıq səviyyəsinə nəzarət edəcək.

Daxili səyahətlərin və uçuşların bərpa edilməsi ilə yanaşı, beynəlxalq aviareyslərin və turizmin bərpası hazırda Misir hökumətinin qarşısında duran ən vacib məsələlərdən biridir. Mart ayından bəri bağlanılan aeroportlar və otellər bazar ertəsi günündən yenidən fəaliyyətə başlayacaq. Lakin iyunda əcnəbi turistlərin ölkəyə gəlməsi mümkün olmayacaq. Bu, bir çox ölkənin sərhədlərinin hələ də bağlı olması, habelə pandemiya şəraitində insanların səyahətə ehtiyatla yanaşması ilə əlaqədardır.

Misir hökuməti açılan otellərdə toyların, ad günü və digər şənliklərin keçirilməsinə icazə verməyib. Restoranlarda isə bufet sistemi ilə xidmət göstəriləcək. Turizm Nazirliyi yerli səyahətçilərə yalnız rəsmi sertifikat alan otellərdə qalmağı tövsiyə edib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.