ELM VƏ TƏHSİL


Misirdə Azərbaycan dili kurslarının yeni müdavimləri ilə görüş keçirilib

Qahirə, 1 avqust, AZƏRTAC

“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin nəzdində fəaliyyət göstərən və Qahirənin müxtəlif universitetlərində təhsil alan misirli və əcnəbi tələbələrə ödənişsiz əsasda təhsil verən kursların Azərbaycan dili üzrə bölməsinin yeni müdavimləri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov çıxış edərək tələbələrə Cənubi Qafqazın lider ölkəsi və böyük beynəlxalq nüfuza malik olan Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı barədə məlumat verib. Azərbaycan dilinin əhəmiyyətindən bəhs edən diaspor sədri diqqətə çatdırıb ki, əsrlərlə ərəb və digər dillərlə vəhdətdə zənginləşən dilimizə müxtəlif ölkələrdən olan tələbələrin böyük marağı sevindiricidir. Hər il diaspor mərkəzində təşkil edilən bu kursların müdavimləri Azərbaycan dilinin leksik və qrammatik qaydalarını öyrənir, həmçinin sonradan tərcümə ilə məşğul olurlar. Tələbələrin tərcümə etdikləri məqalələr yaxın vaxtlarda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyəti ilə bağlı işıq üzü görəcək dövri publisistik nəşrdə dərc olunacaq. Kurslarda, həmçinin ölkəmizin tarixi, mədəniyyəti və ədəbi irsi də öyrənilir.

Kurslarda iştirak edəcək 41 yeni tələbəyə tədris prosesi haqqında müfəssəl məlumat verən S.Nəsirov diqqətə çatdırıb ki, tələbələr 3 qrupa bölünəcək və 3 müəllim onlara həftədə 4 saat dərs keçəcəklər. Ümumilikdə isə, diaspor mərkəzində dünyanın 31 ölkəsindən 350 tələbə Azərbaycan dili ilə yanaşı, ərəb dili, dekorasiya, xəttatlıq sənəti və digər fənlər üzrə ödənişsiz təhsil alır.

Görüşün sonunda diaspor mərkəzinin sədri Azərbaycan dili kurslarının yeni müdavimlərinə təhsildə uğurlar arzulayıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.