SİYASƏT


Misirdə Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub

Qahirə, 19 oktyabr, AZƏRTAC

Azərbaycanın Misirdəki səfirliyində 18 oktyabr - Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Misirin ictimai-siyasi xadimləri, iş adamları, Misir–Azərbaycan dostluq qrupunun üzvləri, kütləvi informasiya vasitələri və diaspor üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən ölkəmizin Misirdəki səfiri Tural Rzayev bu il Azərbaycanda Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyinin təntənəli şəkildə qeyd edildiyini bildirib. 1991-ci il oktyabrın 18-də Azərbaycanın yenidən müstəqilliyini bərpa etdiyini vurğulayan səfir ölkəmizin çox çətin dövrlər yaşadığını və ağır sınaqlardan keçdiyini xatırladıb. 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə köklü islahatların aparıldığını vurğulayan Tural Rzayev müasir müstəqil Azərbaycanın banisi Ulu Öndərin yürütdüyü siyasət nəticəsində ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu diqqətə çatdırıb.

Diplomat, həmçinin son 15 il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünya miqyasında tanındığını, iqtisadiyyatın 3,2 faiz artdığını, qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini vurğulayaraq, Azərbaycanın Cənubi Qafqazda həm iqtisadi, həm də hərbi cəhətdən lider ölkə olduğunu bildirib. Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini bildirib. Səfir Tural Rzayev Misir-Azərbaycan ikitərəfli münasibətlərindən də danışıb.

Sonra Azərbaycanın Misirdəki səfirliyinin üçüncü katibi Emil Rəhimovun ərəb dilində “Azərbaycan: Müsəlman Şərqində ilk demokratik Respublika” adlı kitabının təqdimatı olub. “Vətənpərvər” Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov, Misirin Helvan Universitetinin doktoru Adil Dərviş, Misirin “Əl-Hivar: Siyasi araşdırmalar və Mediya” mərkəzinin müdiri doktor Əhməd Tahir, “20 yanvar” kitabının müəllifi, tədqiqatçı, jurnalist Məhəmməd Sələmə kitabın əhəmiyyətinə toxunub, təəssüratlarını bölüşüblər.

Daha sonra müəllif E.Rəhimov kitabın ərsəyə gəlməsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarova, XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyinə (AİDA), səfir Tural Rzayevə dərin təşəkkürünü bildirərək, Azərbaycanın son yüz ildə keçdiyi tarixi-siyasi mərhələlərə, kitabın əhatə etdiyi mövzulara toxunub.

Tədbir çərçivəsində, həmçinin səfirlik tərəfindən çap olunmuş kitabların sərgisi təşkil edilib, müasir Azərbaycanın inkişafını əks etdirən videoçarxlar nümayiş olunub.

Azərbaycanın Müstəqillik Günü ilə bağlı keçirilən tədbir yerli KİV-lər tərəfindən geniş işıqlandırılıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.