DÜNYA


Misirdə COVID-19 qurbanlarının sayı artır

Qahirə, 24 iyun, AZƏRTAC

Misirdə COVID-19 qurbanlarının sayının artması hökumətlə Təbiblər Sindikatı arasında mübahisəyə səbəb olub. AZƏRTAC xəbər verir ki, Baş Nazir Mustafa Mədbuli ölüm hallarının artmasında həkimlərin öz iş yerlərini tərk etməsinin də rolunun olduğunu bəyan edib. Misir Təbiblər Sindikatı isə bunu qəbul etməyib və hər gün 80-90 pasiyentin vəfat etməsini tibbi ləvazimatların çatışmaması, xəstəxanaların imkanlarının məhdud olması ilə əlaqələndirib. İndiyədək 74 həkimin COVID-19-dan vəfat etdiyini və 3 min tibb işçisinin isə yoluxduğunu diqqətə çatdıran sindikat Baş Nazirdən tələb edib ki, o, həkimlərdən üzr istəsin. Əlavə edilib ki, bu cür bəyanatlar xəstələrin və yaxınlarının həkimlərə aqressiv davranışını daha da gücləndirə bilər.

Bu mübahisəyə qoşulan Səhiyyə Naziri Halə Zayid isə bildirib ki, yeni növ koronavirusla əlaqədar karantin xəstəxanalarında kifayət qədər imkanlar və çarpayı, habelə süni tənəffüs aparatları və dərmanlar mövcuddur. O qeyd edib ki, son sutka ərzində Misirdə 1332 yoluxma qeydə alınıb, 87 pasiyent isə həyatını itirib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.