SİYASƏT
Misirdə “Müasir Azərbaycan Diplomatiyasının 100 illiyi” adlı kitab çapdan çıxıb
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycanın Misirdəki səfirliyinin ikinci katibi, fəlsəfə üzrə fəlsəfə doktoru Emil Rəhimovun Azərbaycan Diplomatik Xidmət Orqanlarının 100 illiyinə həsr olunan “Müasir Azərbaycan Diplomatiyasının 100 illiyi” adlı kitabı çapdan çıxıb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, ərəb dilində çap edilən kitab Misirin “Yaxın Şərq Media” Nəşriyyatında nəşr olunub.
Kitab 1919-cu ildən 2019-cu ilə qədər olan dövrü əhatə edərək, girişdən və üç fəsildən ibarətdir. Kitabın birinci fəslində Müasir Azərbaycan Diplomatiyasının yaranmasının 100 illik tarixi (1919-2019) barədə danışılır. Bu dövr ərzində diplomatiya tarixində müstəsna rol oynamış Azərbaycan Xalq Cümhuriyyətinin baniləri, qurucuları, görkəmli şəxsiyyətləri, eləcə də Azərbaycan diplomatiyasının müstəqillik yolunda əldə etdiyi uğurlar qeyd olunur.
Kitabın ikinci fəslində müasir Azərbaycan Respublikasının banisi ulu öndər Heydər Əliyevin xarici siyasətin Azərbaycan modelinin yaradıcısı olduğu, balanslaşdırılmış xarici siyasət, çoxvektorlu əməkdaşlıq, bərabərhüquqlu tərəfdaşlıq və müstəqil xarici siyasət prinsiplərinə söykənən praqmatik siyasi kursun konsepsiyasının əsasını qoyması xüsusi olaraq vurğulanır.
Kitabın üçüncü fəslində Azərbaycanın beynəlxalq müstəvidə tanıdılması, inkişafı və tərəqqisində əsas rol oynayan və Ulu Öndərin siyasi kursunu layiqincə və inamla davam etdirən, ölkəmizin dövlətlərarası müstəvidə ikitərəfli və çoxtərəfli diplomatik nüfuzunu gücləndirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətindən geniş bəhs olunur.
Misirin, Mərakeşin, Səudiyyə Ərəbistanı Krallığın və Birləşmiş Ərəb Əmirliklərinin xəbər saytlarında kitabla bağlı informasiyalar geniş şəkildə işıqlandırılıb.