ELM VƏ TƏHSİL


Misirdə “Nile X” modelli ilk smartfon satışa çıxarılır

Qahirə, 8 yanvar, AZƏRTAC

Misirin “Silicon Industries” şirkəti özünün “Nile X” modelli ilk smartfonunu işləyib hazırlayıb.

AZƏRTAC xəbər verir ki, məlumata görə, “Nile X” smartfonunun qiyməti 4,2 min Misir funtudur (236 dollar). Şirkət dünyanın müxtəlif ölkələrindən olan alıcılardan qabaqcadan sifarişlər qəbul edir. Yeri gəlmişkən, qabaqcadan smartfon sifariş etmiş müştərilər yeni qurğu ilə birincilər sırasında təchiz olunacaqlar. Yanvarın ikinci yarısından etibarən yeni qurğuların dünyanın hər yerinə göndərilməsi təşkil ediləcək. Bildirilir ki, ölkənin İnformasiya və Kommunikasiyalar Nazirliyi bu layihəyə təqribən 400 milyon Misir funtu sərmayə yatırıb. “Silicon Industries” şirkəti ildə 1,8 milyon smartfon buraxmaq niyyətindədir.

SICO şirkətinin prezidenti Məhəmməd Salem bildirib ki, artıq çağrı mərkəzinə (call-center) potensial alıcılardan on minlərlə telefon zəngi daxil olub. “Nile X” smartfonunu qabaqcadan sifariş etmək istəyənlər arasında devaysın texniki xarakteristikaları və onun əldə edilməsi şərtləri ilə maraqlanan əcnəbilərin sayı az deyildir.

Qurğu 5,7 düymlük “Full HD” displeyinə, 4 giqabayt operativ yaddaşa və 64 giqabayt əlavə yaddaşa malikdir, 4G-ni dəstəkləyir. “Android 7.0 Nougat” bazasında işləyən smartfonun 13 və 5 meqapikselli ikiqat kamerası (Dual Camera), sürətlə dolan akkumulyatoru var.

Misir tarixində ilk smartfon daha əvvəl ötən ilin dekabrında 21-ci Qahirə Regional Texnoloji Ticarət Yarmarkasında təqdim edilib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.