CƏMİYYƏT


Misirdə Ramazan adət-ənənələri Fotoreportaj

Qahirə, 15 may, AZƏRTAC

Hər bir İslam ölkəsində olduğu kimi, Misirdə də başa çatan Ramazan ayının qədim adət-ənənələri mövcuddur. Bu ölkədəki bir çox ayinlər və ibadət tərzi başqa ərəb ölkələrindən fərqlənir.

AZƏRTAC misirlilərə xas olan Ramazan adət-ənənələrini təqdim edir:

Ramazan toplarından yaylım atəşi

Misirdə iftar vaxtı məscidlərdə əzanla yanaşı, toplardan yaylım atəşi də açılır. Qahirənin sükuta qərq olmuş küçələrində səssizliyi pozan bu atəşlər Məğrib vaxtı ilə iftarı bildirir. “Madfaa” (yaylım atəşi) adlanan bu ənənə əsrlərdir davam edir və məscidlərdə səsgücləndirici qurğuların olmadığı keçmiş zamanlarda əhalini xəbərdar edən yeganə üsul olub.

Ramazan yaylım atəşi ənənəsini XIX əsrin birinci yarısında Misirdə Osmanlının hakimi olmuş Məhəmməd Əli Paşa başladıb. Əhalinin bəyəndiyi bu üsul sonradan dəyişməz olaraq qalıb.

Ramazan fənərləri

Qədim Misir əfsanəsində deyilir ki, Qahirə şəhərinin banisi, Fatimi xəlifəsi Müəzliddin əl-Allah Ramazan ayında bu şəhərə qayıtdığında sakinlər onu içərisində şamlar olan fənərlərlə qarşılayıblar. Beləliklə, bu fənərlər tədricən Misirdə Ramazan rəmzinə çevrilib.

Bu ənənə günümüzdə də davam edir. Hər bir ailə Ramazan ayı ərəfəsində üzəri ulduz və naxışlarla bəzədilmiş fənərlər alır və iftar vaxtı onun ətrafına toplaşır.

Ənənəvi qida və içkilər

Zəngin Misir mətbəxinin özünəməxsus Ramazan təamları və içkiləri var. İftar vaxtı süfrələri bəzəyən yeməklər arasında düyü, tərəvəz və göyərtidən hazırlanan “mahşi”, habelə şirniyyat və makaron üstünlük təşkil edir. Aralıq və Qırmızı dənizlərin nadir balıq məhsullarından hazırlanan müxtəlif təamlar da populyardır.

Misirlilərin iftar süfrəsində vaz keçəməyəcəyi içkilər isə “Kamaraldin” adlı ərik şirəsi, ibiskus adlı çiçəyin ləçəklərindən hazırlanan çay – “Karkade” və dəmirhindi paxlalı bitkisinin suyudur.

İftara az qalmış Qahirənin küçələrində insanlara pulsuz içkilər, meyvə suları və şərbət paylanılır. Bundan başqa, misirlilər yeməklərini də imkansız adamlarla bölüşürlər.

Zinətlər və Xəyamiyyə

Misirdə hər bir uşaq və gənc qızlar valideynləri ilə birlikdə küçələri və evlərin önünü Ramazan zinətləri ilə bəzəyirlər. Qədim naxışlarla yanaşı, binaların eyvanı və girişində rəngli lampalar asılır. Azərbaycandan fərqli olaraq, Misirdə Ramazan ayında toy şənlikləri keçirilir və ətrafda üzərində müqəddəs ayın rəmzləri olan zinət əşyaları qoyulur.

Ramazan ayının vazkeçilməz rəmzlərindən biri də ərəb ölkələrində qədim vaxtlardan çadırların bəzəyi olan xəyamiyyədir. Əsasən Misirdə toxunan bu bəzəkli parçalardan pərdə, stolüstü örtük, çanta, yataq dəstləri də hazırlanır.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.