ELM VƏ TƏHSİL
Misirdə ərəbcə “Azərbaycan dilinin qrammatikası” kitabı böyük maraqla qarşılanıb
Bakı, 14 fevral, AZƏRTAC
İsra Adil Mahmudun ərəb dilində tərtib etdiyi "Azərbaycan dilinin qrammatikası" kitabı Misir mediasında geniş əks-səda doğurub. Bu barədə AZƏRTAC-a “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin Qahirədə yerləşən mərkəzindən məlumat verilib.
Qeyd olunur ki, kitab iki hissədən ibarətdir. Kitabın birinci hissəsində Azərbaycan dilinin qrammatikası ərəb dilində sadə şəkildə izah olunub. İkinci hissədə Azərbaycanın böyük şəhərləri, dahi, görkəmli və tanınmış şəxsləri haqqında məlumatlar yer alıb. Bu kitab Misirdə ərəb dilində Azərbaycan dilinin qrammatıkasını izah edən ilk nəşrdir.
İsra Adil Mahmud 2018-ci ildə ilk Azərbaycan dili dərsini Qahirə Universitetinin ədəbiyyat fakültəsində tədqiqatçı-alim Seymur Nəsirovdan alıb. O, hazırda Qahirədə diaspor mərkəzində bu dili öyrənməkdə təhsilini davam etdirir. İsra Adil Mahmud Azərbaycan dilinin təbliğində göstərdiyi səylərə görə diaspora tərəfindən mükafatlandırılıb.
Qeyd edək ki, Qahirədəki diaspora mərkəzində 27 ölkədən 300-dən çox tələbə Azərbaycan dili əsas olmaqla müxtəlif fənlər üzrə ödənişsiz təhsil alır.