MƏDƏNİYYƏT
Misirdə gənc qız gözəllik müsabiqəsində “Qarabağ” mahnısının sədaları altında rəqs edib
Qahirə, 22 yanvar, AZƏRTAC
Hurqada kurort şəhərində ABŞ, Rusiya, Kanada, Filippin, Niderland, Hindistan, Albaniya və Misir nümayəndələrinin iştirakı ilə keçirilən Beynəlxalq Gözəllik Müsabiqəsinə qatılan Sandi Əl Nanay Azərbaycan bayrağı və “Qarabağ” mahnısının sədaları altında rəqs edib. “Miss İnternational Multimedia” nominasiyası üzrə qalib olan yeniyetmə qızın Azərbaycan milli geyimində gözəl ifası tamaşaçılar tərəfindən alqışla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, atası misirli, anası isə azərbaycanlı olan Sanidinin “Talant şou” nominasiyasında ifası rəğbətlə qarşılanıb. Lakin münsiflər heyəti bu nominasiyada ona aşağı bal verib və bunun səbəbini guya “Qarabağ”ın siyasi mahnı olması ilə izah edib. Ana Vətəninə ülvi hisslər bəsləyən yeniyetmə qız isə jurnalistlərin jürinin bu iradından məyus olması ilə bağlı sualına cavabında bildirib ki, ona ikinci şans verilsə, yenə də doğma Azərbaycanın incisi olan Qarabağ haqqında mahnının sədaları altında rəqs edərdi. O, müsahibəsinə “Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan” sözləri ilə yekun vurub.
Misirin nüfuzlu “Yom Əl Sabah” qəzeti də müsabiqədən sonra dərc etdiyi geniş məqalədə rəssam, pianoçu, poliqlot və ixtiraçı olan istedadlı yeniyetmə qızın vətənpərvərliyindən bəhs edib.
Sandi və ailə üzvləri, eyni zamanda, Misirdəki Azərbaycan diasporunun da fəaliyyətində yaxından iştirak edirlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə