CƏMİYYƏT
Misirdə koronavirusa ilk yoluxma halı qeydə alınıb
Bakı, 15 fevral, AZƏRTAC
Misirdə koronavirusa ilk yoluxma halı qeydə alınıb. AZƏRTAC “Egypttoday” portalına istinadla xəbər verir ki, bu məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Məlumatda qeyd olunub ki, bu təhlükəli virusa yoluxma halı Çin vətəndaşında aşkar edilib. Nazirliyin mətbuat katibi Xalid Meqahed bildirib ki, Qahirə Beynəlxalq Aeroportunda bu şəxsin qızdırması olduğu müəyyən edilib və laboratoriya yoxlamaları zamanı ona koronavirus xəstəliyi diaqnozu qoyulub. Onun sözlərinə görə, bu fakt barədə dərhal Dünya Səhiyyə Təşkilatına məlumat verilib. Koronavirus aşkar edilən çinlinin vəziyyətinin sabit olduğu da qeyd edilib.
Nazirliyin rəsmisi onu da bildirib ki, Qahirə və digər şəhərlərdəki aeroportlarda, habelə dəniz limanlarında koronavirusa qarşı nəzarət tədbirləri gücləndirilib. Bundan başqa, profilaktik tədbirləri müzakirə etmək məqsədilə Səhiyyə Nazirliyində təcili iclas keçirilib.