DÜNYA
Misirdə nikah bağlayan şəxslərin maarifləndirilməsi layihəsi hazırlanır
Qahirə, 14 yanvar, AZƏRTAC
Misirin Nümayəndələr Palatasının Şikayət və Təkliflər Komitəsi nikah bağlamağı planlaşdıran şəxslərin məcburi qaydada xüsusi maarifləndirmə kursları keçməsi barədə bir neçə deputatın təklifini bəyənib.
AZƏRTAC xəbər verir ki, Misir hökuməti bu təşəbbüsü dəstəkləyir və Sosial Həmrəylik Nazirliyi hazırda Prezident Əbdülfəttah əs-Sisinin Misir ailəsinin qorunması və boşanma hallarının sayının azaldılması barədə direktivlərinin yerinə yetirilməsi üzərində işləyir, nikah bağlamaq arzusunda olan şəxslərin maarifləndirilməsi üzrə xüsusi layihə hazırlayır.
Sosial Həmrəylik Nazirliyi nəzdində “Mavədda” layihəsinin əlaqələndiricisi Nevin Təlaat bildirib ki, Misirin dövlət başçısının tapşırığına əsasən nazirlik Misir ailəsinin bütövlüyünün qorunması üzrə layihə hazırlayır. Sözügedən layihə bu il fevral ayında Misirin bütün əyalətlərində rəsmi şəkildə tətbiq edilməyə başlanacaq. Nevin Təlaatın sözlərinə görə, bu layihə 20-35 yaşlarında olan şəxslər qrupu üçün nəzərdə tutulur. Layihənin reallaşdırılması üçün universitetlərdə, həmçinin gənclərin daha çox cəmləşdiyi müxtəlif yerlərdə xüsusi maarifləndirici kurslar təşkil edilməsi planlaşdırılır. Bu kursların müdavimləri gənc ailələrin üzləşdiyi problemlərin çoxunun həllinə dair tövsiyələri əhatə edən elmi materialları öyrənəcəklər.
N.Təlaat xüsusi vurğulayıb ki, Misirdə hər il 198 min boşanma faktı qeydə alınır. Belə halların əksəriyyəti nikah bağlanandan sonrakı ilk 3 il ərzində baş verir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə