DÜNYA
Misirdə qədim tarixi abidələrini təhqir etməkdə təqsirləndirilən fotomodel və fotoqraf həbs olunub
Qahirə, 2 dekabr, AZƏRTAC
Misirdə qəribə həbs baş verib. Digər ölkələrdə adi hal sayılacaq bir hərəkət bu ölkədə cinayət işinin açılması ilə nəticələnib. Belə ki, gənc qadın fotomodel firon libası geyinərək müvafiq atributlarla, heç bir əxlaqi normalardan kənara çıxmadan fironların qədim Şaqqara sarayının qarşısında şəkil çəkdirib və sosial şəbəkələrdə yayıb. Bundan sonra fotomodeli və fotoqrafı Misirdə fəaliyyət göstərən arxeoloji abidələr üzrə polis bölməsinin əməkdaşları saxlayıblar. Onların barəsində Misirin qədim tarixi abidələrini təhqir etmə maddəsi üzrə cinayət işi açılıb.
AZƏRTAC xəbər verir ki, Misirin Qədim Abidələr Şurasının sədri Mustafa Vəziri də belə həbsləri təqdir edərək deyib: “Misir fironunun libasında atributlarla şəkil çəkdirən fotomodel qədim tarixi təhqir edib. Bu cür atributlarla şəkil çəkdirmək yalnız xüsusi sənədli və ya bədii film çəkilişi zamanı mümkün ola bilər. Bunun üçün isə müvafiq dövlət qurumlarının icazəsi tələb olunur”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə