CƏMİYYƏT
Misirdə təhsil almağa gələn yeni tələbələrlə görüş keçirilib
Qahirə, 28 noyabr, AZƏRTAC
“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirə təhsil almaq üçün gələn yeni tələbələrlə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, S.Nəsirov görüşdə Azərbaycanla Misir arasında tarixi, mədəni əlaqələrdən danışıb və son illər bu əlaqələrin daha da genişləndiyini söyləyib. Buna nümunə olaraq o, hər iki ölkənin yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərlərini, Misir-Azərbaycan parlamentlərarası dostluq komissiyasının yaranmasını, diplomatik və xidməti pasport daşıyan hər iki ölkə vətəndaşlarının vizasız səfər etmələrini göstərib.
Birliyin sədri Misirdə vətənimiz Azərbaycanı təbliğ etmək yolları haqqında öz tövsiyələrini verib, tələbələri maraqlandıran suallara cavab verib. Diaspor rəhbəri, həmçinin onları vətəni təbliğ etmək və Azərbaycan həqiqətlərini ictimaiyyətə çatdırılması məqsədilə sosial şəbəkələrdə fəal olmalarına çağırıb.
Qeyd edək ki, hər il Misir Mədəniyyət Mərkəzi tərəfindən Misirə təhsil almaq üçün göndərilən tələbələr, diaspor tərəfindən qarşılanır, onların yerləşdirilməsi, sənədlərinin qaydaya salınması və təhsil almasında bütün lazımi köməklik göstərilir.
Hazırda Azərbaycanın Qahirədəki diaspor mərkəzində, aralarında azərbaycanlılar olmaqla yanaşı, dünyanın 17 ölkəsindən 180 dan çox tələbə ödənişsiz müxtəlif ixtisaslar üzrə təhsil alır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə