SİYASƏT
Misirdə ulu öndər Heydər Əliyevin 96 illiyinə həsr olunan mərasim keçirilib
Qahirə, 11 may, AZƏRTAC
Misirin Qalubiyyə vilayətində yerləşən Misir-Azərbaycan Dostluq Parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Dostluq Parkında Ulu Öndərin heykəli önündə keçirilən xatirə tədbirində Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşları, “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin üzvləri, burada təhsil alan tələbələrimiz, Qalubiyyə qubernatorunun mədəniyyət və təhsil məsələləri üzrə müavinləri, qubernatorluğun Yaşıllaşdırma və Parklar İdarəsinin rəisi, parkda yerləşən Xeyriyyə-Təhsil Mərkəzinin rəhbərliyi, misirli məktəblilər iştirak ediblər.
Ümummilli Liderin heykəli önünə güllər qoyulub. Parkda yerləşən təhsil ocağına gələn tədbir iştirakçıları burada Ulu Öndərin xatirəsinə həsr olunan fotosərgiyə və Azərbaycanla bağlı stendlərə baxıblar.
Elə həmin gün Misirdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz Azərbaycanın səfirliyinə gedərək burada Ulu Öndərin xatirəsinə həsr olunmuş anım tədbirində iştirak ediblər.
Səfir Tural Rzayev tədbirdə ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyi naminə gördüyü işlərdən, Ulu Öndərin keçdiyi zəngin həyat yolundan, Azərbaycanın dünya ölkələri, xüsusən də müsəlman dünyası və ərəb ölkələri ilə əlaqələrinin qurulmasında misilsiz rolundan, bölgə ölkələri arasında Azərbaycanın aparıcı ölkə olaraq yer almasından danışıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirməsindən, ölkəmizin əldə etdiyi çoxsaylı nailiyyətlərdən bəhs edib.
Daha sonra tədbir iştirakçılarına səfirlik adından iftar süfrəsi açılıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə