SİYASƏT


Misirdəki Diaspor Mərkəzimizdəki kurslarda təhsil alan tələbələrə diplomlar təqdim edilib

Qahirə, 12 noyabr, AZƏRTAC

Misirdəki Azərbaycan Diasporu Mərkəzində 30 ölkədən 300-dən çox gəncin ödənişsiz əsaslarda təhsil aldığı kursların 50 məzununa diplomların və lisenziyaların təqdimatı mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, ərəb-Şərq dekorasiyası, xəttatlıq, Azərbaycan və ərəb dilləri, Quran qiraəti və digər ixtisaslar üzrə diplomların təqdimatı mərasimi Misir-Azərbaycan Dostluq Cəmiyyətinin binasında təşkil edilib. Məzunlar arasında ABŞ, Böyük Britaniya, İndoneziya, Malayziya, Nigeriya, Misir və digər Afrika və ərəb ölkələrindən gənclər olub.

Təqdimat mərasimində çıxış edən Misirdəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov gəncləri təbrik edib, onlara gələcək təhsil və fəaliyyətlərində uğurlar arzulayıb. O qeyd edib ki, Qahirədə müxtəlif ölkələri təmsil edən gənclərin məhz Azərbaycan Diaspor Mərkəzinin kurslarına cəlb edilməsi, artıq neçə ildir ki, davam edən bu təşəbbüsdə Misirdəki Xeyriyyə Cəmiyyətinin də fəal iştirak etməsi gələcək nəslin biliklərə yiyələnməsi ilə yanaşı, həm də İslam dünyasının mühüm ölkəsi olan Azərbaycanın təbliği baxımından da əhəmiyyətlidir. S.Nəsirov əlavə edib ki, bu kursları bitirən gənclər ölkəmiz haqqında daha geniş məlumata malik olmaqla yanaşı, Azərbaycan xalqının dostlarına çevrilirlər. Təsadüfi deyil ki, onlar digər fənlərlə bərabər, Azərbaycan dilinə də böyük maraq göstərirlər.

Sonra S.Nəsirov, Misir Xeyriyyə Cəmiyyətinin rəhbəri Məhəmməd Rəşid və müəllimlər kursları bitirən gənclərə diplom və lisenziyaları təqdim ediblər.

Tədbirin sonunda kollektiv şəkil çəkdirilib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.