SİYASƏT


Misirdəki diaspor mərkəzində Novruz bayramı münasibətilə tədbir keçirilib

Qahirə, 18 mart, AZƏRTAC

Misirdəki diaspor mərkəzində Novruz bayramı münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Qahirədə yaşayan azərbaycanlıların, onların ailə üzvlərinin və burada təhsil alan tələbələrimizin iştirak etdiyi tədbirdə çıxış edən “Vətənpərvər” Misirdə Diaspor Təşkilatları Birliyinin sədri Seymur Nəsirov xalqımızın əziz bayramının tarixindən, baharın gəlişi, təbiətin oyanmasının rəmzi olan Novruzun bu il daha fərqli qeyd edildiyini bildirib. O vurğulayıb ki, Azərbaycan Ordusunun şanlı Qələbəsi və torpaqlarımızın düşmən tapdağından azad edilməsi xarici ölkələrdə, o cümlədən Misirdə yaşayan və təhsil alan soydaşlarımızın bayram sevincini ikiqat artırıb. Baharın gəlişi Azərbaycanın dilbər guşəsi Qarabağda bərpa və quruculuq işlərinin canlanması ilə müşayiət olunur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri zamanı verdiyi bəyanatlar, torpaqlarımızda həyata keçiriləcək böyük layihələrin bünövrəsini qoyması xalqımızın daha xoşbəxt günlərinin müjdəsidir.

Vətən müharibəsi günlərində Misirdəki diaspor təşkilatlarının Ordumuzun qələbəsinin və Azərbaycanın ədalətli mövqeyinin bu ölkənin, həmçinin ərəb dünyasının ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərdən də bəhs edən diaspor rəhbəri əlavə edib ki, bu işlər gələcəkdə də daha fəal şəkildə davam edəcək. S.Nəsirov tələbələrə və Misirin müxtəlif ali təhsil müəssisələrində çalışan azərbaycanlılara müraciət edərək xalqımızın tarixini, zəngin mədəni irsini və müasir dövrdəki nailiyyətlərini yerli mətbuatda və sosial şəbəkələrdə daha çox təbliğ etməyə çağırıb.

Sonra tədbirdə çıxış edən soydaşlarımız vətəndə və onun hüdudlarından kənarda yaşayan bütün azərbaycanlıları əziz bayram münasibətilə təbrik edib, qalib xalqımıza sülh, əmin-amanlıq və tərəqqi arzulayıblar.

Tədbirdən sonra azərbaycanlı ailələr və tələbələr üçün bayram süfrəsi açılıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.