SİYASƏT


Misirdəki diaspor təşkilatımız azərbaycanlı tələbələrə Novruz sovqatı aparıb

Qahirə, 20 mart, AZƏRTAC

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi xalqımızın əziz bayramını - Novruzu Qahirədə təhsil alan bir qrup azərbaycanlı tələbə ilə birlikdə qeyd edib. Onların yaşadıqları yataqxanada masanın üstü səməni, bayram xonçası ilə bəzədilib. Sonra milli xörəklərimiz, şəkərbura və paxlava olan süfrə açılıb.

Birliyin sədri, tədqiqatçı alim Seymur Nəsirov tələbələri bayram münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Qeyd edib ki, hazırda dünyada insanların təşvişinə səbəb olan koronavirusun yayılmasına qarşı mübarizədə Azərbaycan dövləti, Prezident İlham Əliyev qətiyyətli addımlar atır. Dövlətimizin başçısının bu xəstəliyə qarşı mübarizə məqsədilə 1 milyard manat ayırması xalqımızın sağlamlığına və dövlətimizin təhlükəsizliyinə göstərilən diqqətin daha bir bariz nümunəsidir. Misirdə təhsil alan gənclərimiz də Azərbaycanda ailə üzvlərinin təhlükəsizliyinin təmin olunmasına əmin ola bilərlər. Azərbaycanın Misirdəki səfirliyinin bu ölkədə yaşayan vətəndaşlarımıza qayğı və diqqət göstərməsi, onlara kömək məqsədilə “qaynar xətt” yaradılması, müayinədən keçmək üçün yaşadıqları yerlərin yaxınlığında yerləşən xəstəxanaların siyahısının diaspor təşkilatına təqdim edilməsi Qahirədəki diplomatik missiyamızın bu sahədə gördüyü mühüm işlərdir.

Tələbələr, öz növbəsində, gənclərə göstərilən diqqət və qayğı üçün dövlətimizə və Misirdəki səfirliyimizə, həmçinin bu il bütün dünyada narahat bir vaxtda qeyd olunan Novruz bayramı günlərində onlara verilən mənəvi dəstəyə görə “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinə təşəkkürlərini bildiriblər.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.