Misirə gələnlər üçün COVID-19 pandemiyası ilə bağlı bütün məhdudiyyətlər ləğv edilib
AzerTAg.az
Qahirə, 18 iyun, AZƏRTAC
Misir hökuməti ölkənin hava və quru limanlarından ölkəyə gələn vətəndaşlar və əcnəbilər üçün bütün COVID-19 məhdudiyyətlərini ləğv edib.
AZƏRTAC Misir hökumətinin bəyanatına istinadla xəbər verir ki, bundan sonra ölkəyə gələnlərdən PCR testinin neqativ nəticəsi və ya vaksin sertifikatı tələb edilməyəcək. Nazirlər Kabineti qlobal miqyasda və ölkə daxilində COVID-19-a yoluxma sayının kəskin azalması ilə əlaqədar məhdudiyyətlərə gərək qalmadığını bəyan edib.
Hökumətin bəyanatında qeyd olunub ki, Ukraynada müharibə ilə bağlı Misirin kurortlarına əcnəbi turist axınının zəifləməsi iqtisadiyyata ciddi zərər verir. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlərin ləğvi ilə yanaşı, başqa ölkələrdən daha çox turist cəlb edilməsi üçün təcili tədbirlər görülür.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xəbərin mətnində orfoqrafik səhv var