Misirə məxsus 5 min qədim artifakt ABŞ-dan geri qaytarılıb
AzerTAg.az

Qahirə, 28 yanvar, AZƏRTAC
Yanvarın 27-də əksəriyyəti Vaşinqtondakı Müqəddəs Bibliya Muzeyində nümayiş etdirilən və qədim Misir dövrünə aid olan 5 min artifakt Qahirə Beynəlxalq Aeroportuna gətirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Misirin Turizm və Qədim Abidələr Nazirliyi məlumat yayıb.
Nazirliyin rəsmisi Şaban Əbdül Cavad jurnalistlərə müsahibəsində qeyd edib ki, onun təmsil etdiyi qurum və Xarici İşlər Nazirliyi artifaktların qaytarılması ilə bağlı 2016-cı ildən ABŞ-ın uyğun strukturları, o cümlədən Daxili Təhlükəsizlik Departamenti ilə danışıqlar aparıblar. Onun sözlərinə görə, bu qədim irs nümunələri qanunsuz olaraq Misirdən çıxarılıb.
Misirə qaytarılan kolleksiyada 5 min artifakt, o cümlədən manuskriptlər və papirus parçaları, qibti misirlilərin, habelə ərəb və yunan dilində yazılmış mətnlər, üzərində fironların rəsmləri olan taxta lövhələr, maskalar, daş heykəllərin parçaları və mumiyalar var. Qaytarılan artifaktlar Misirdəki Qibti Muzeyində nümayiş etdiriləcək.
Birləşmiş Ştatların Misirdəki səfiri Conatan Kohen artifaktların öz sahibinə qaytarılmasından məmnunluğunu ifadə edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Xəbərin mətnində orfoqrafik səhv var