ELM VƏ TƏHSİL
Misirin “Ədəbiyyat xəbərləri” qəzeti Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlıdır
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycanda səfərdə olan, Misirin məşhur “Əl-Əxbar” media holdinqinin “Ədəbiyyat xəbərləri” qəzetinin baş redaktoru Tarik əl-Tahir Hifni, bu ölkənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Bakı Dövlət Universitetində (BDU) olublar.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali təhsil ocağının beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev müxtəlif illərdə Misirin ayrı-ayrı media orqanlarında baş redaktor vəzifəsində çalışan Tarik əl-Tahir Hifninin Jurnalistlər Birliyi ilə yanaşı, mədəniyyət və ədəbiyyatla bağlı bir çox komissiyaların, münsiflər heyətinin üzvü, Misir Peyk Televiziyasında yayımlanan “Mədəniyyət və Yaradıcılıq”, “Kitablar dünyası” proqramının müəllifi olduğunu vurğulayıb.
Daha sonra Tarik əl-Tahir Hifni Misir mətbuatı və təmsil etdiyi qurum barədə mühazirə oxuyub. Diqqətə çatdırılıb ki, “Əl-Əxbar” media holdinqinə “Ədəbiyyat xəbərləri” qəzeti ilə yanaşı, daha 12 media orqanı daxildir. Həmçinin iqtisadi profilinə görə məşhur olan holdinqin nəzdində jurnalistika təhsili verən akademiya fəaliyyət göstərir.
Görüşün təşkilinə görə fakültə rəhbərliyinə minnətdarlığını bildirən Əhməd Sami Elaydi BDU-nun müəllimlərini və tələbələrini “Ədəbiyyat xəbərləri” qəzeti ilə əməkdaşlığa çağırıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.