Misirin “Əl-Sovt Əl-Hurr” qəzetində ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı məqalə dərc edilmişdir
AzerTAg.az
Qahirə, 9 may (AZƏRTAC). Misirin “Əl-Sovt Əl-Hurr” qəzetində səfir Şahin Abdullayevin ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı məqaləsi dərc edilmişdir.
Ş.Abdullayev məqaləsində Azərbaycan xalqının hər il mayın 10-da ümummilli lider Heydər Əliyevin doğum gününü qeyd etdiyini bildirmiş, onun siyasi fəaliyyəti barədə ətraflı məlumat vermişdir. O, Azərbaycanın zamanın ağır və sərt sınaqlarını yaşadığı bir dövrdə xalqın təkidli tələbi ilə 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi haqqında söhbət açmışdır.
Səfir 1994-cü ildə Heydər Əliyevin Misirə səfəri ilə Azərbaycan və Misir arasında ənənəvi dostluq əlaqələrinin möhkəmlənməsi yolunda böyük addımların atıldığını diqqətə çatdırmışdır.
2008-ci ilin fevralında Misirin Qəlyubiyyə vilayətinin Qanatır şəhərindəki “Heydər Əliyev” küçəsində açılmış Azərbaycan-Misir dostluq parkının Azərbaycan və Misir xalqlarının dostluq əlaqələrinin rəmzi sayıldığını qeyd edən diplomat həmin parkda ümummilli lider Heydər Əliyevin heykəlinin ucaldığını və bunun xalqın ona məhəbbət və ehtiramını əks etdirdiyini bildirmişdir.
Ş.Abdullayev Heydər Əliyevin Yaxın Şərq problemlərinin həllinə dəstək verməsini, onun nümayiş etdirdiyi ədalətli mövqenin Sovet İttifaqının xarici siyasətinə də təsir etdiyini vurğulamışdır.
1987-ci ildə Heydər Əliyevin Mixail Qorbaçovun rəhbərlik etdiyi Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun siyasətinə etiraz edərək tutduğu vəzifədən istefa verdiyini diqqətə çatdıran səfir 1990-cı illərin əvvəllərində Azərbaycanın çox çətin vəziyyətdə olduğunu, bir tərəfdən Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, digər tərəfdən də Sovet İttifaqının dağılmasından sonra ölkənin iqtisadi böhran yaşaması, habelə xarici dövlətlərin təzyiqləri ilə üzləşməsindən söz açmış, yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanı bu böhrandan çıxarmaq üçün 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə gəlməsini və onun müdrik siyasəti ilə ölkənin xoş gələcəyə doğru addımlamasını, qısa zaman ərzində dövlətin əsaslarının gücləndiyini, atəşkəslə bağlı razılaşmanın əldə olunduğunu və “Əsrin müqaviləsi”nin imzalandığını vurğulamışdır.
Heydər Əliyevin rəhbərliyi ilə aparılmış siyasi, iqtisadi və sosial islahatlar sayəsində Azərbaycanın böyük iqtisadi və sərmayə imkanlarına malik dövlətə çevrildiyini vurğulayan səfir hazırda ölkənin xarici valyuta ehtiyatlarının 53 milyard dolları keçdiyini, işsizlik səviyyəsinin 5 faizə düşdüyünü, Azərbaycanın beynəlxalq aləmə uğurla inteqrasiya etdiyini bildirmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Xəbərin mətnində orfoqrafik səhv var