DÜNYA


Misirin Hurqada kurortundan Makadi körfəzinədək bütün çimərliklərə giriş qadağan olunub VİDEO

Qahirə, 4 iyul, AZƏRTAC

Dünyanın müxtəlif KİV-i iki gün öncə Assoşieyted Press agentliyinə istinadla Misirin Hurqada kurortunda - Qırmızı dənizdə köpək balıqlarının turistlərə hücumu nəticəsində biri 68 yaşlı avstriyalı qadın olmaqla, iki nəfərin həyatını itirməsi barədə xəbərlər yaymışdı. Misir mətbuatı və rəsmiləri həmin vaxt insidentlə bağlı məlumat yaymamışdı. İyulun 3-də bu ölkənin ətraf mühit naziri Yasmin Fuad Səhl Həşiş rayonundakı çimərlikdə baş vermiş faciə ilə əlaqədar bəyanatla çıxış edib.

AZƏRTAC xəbər verir ki, misirli nazir köpək balıqlarının iki qadın turistə hücumunu araşdırmaq məqsədilə komissiya yaradıldığını bildirib. O, insidentin ikinci qurbanının milliyyətini açıqlamayıb. “Əl Əhram” qəzeti isə AP agentliyinə istinadla yazıb ki, Misirin Qırmızı dəniz bölgəsinin qubernatoru Amr Hənəfinin göstərişi ilə Hurqada kurortundan Makadi körfəzinə qədər olan akvatoriyada bütün çimərliklər bağlanıb, hətta balıqçı gəmilərinin fəaliyyəti dayandırılıb.

Misirin Qırmızı dəniz sahilində əvvəllər də köpək balıqlarının insanlara hücumu qeydə alınıb. Bu hücumlar nəticəsində 2020-ci ildə ukraynalı gənc oğlan bir qolunu, misirli bələdçi isə bir ayağını itirmişdi. 2018-ci ildə isə Qırmızı dəniz çimərliyində köpək balığı çex turisti, 2015-ci ildə isə alman turisti öldürüb. Bu son insident Misirin turizm sektorunun Rusiya-Ukrayna müharibəsinin təsirindən xilas olmaq üçün mübarizə apardığı bir vaxta təsadüf edir və bu ölkənin rəsmiləri dünya mətbuatında yayılan xəbərlərə həssas yanaşırlar.

Apreldə Böyük Britaniyanın “Daily Mail” xəbər saytı Misiri 2022-ci ilin yaz və yay mövsümü üçün ən yaxşı turizm məkanlarından biri elan edib. Elə həmin ay dünyanın ən böyük səyahət bələdçisi platforması olan “Tripadvisor” Qahirəni dünyanın ikinci ən populyar turizm istiqaməti adlandırıb.

 
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.